Hz Yusif mədrəsəsi nədir?

“... o (Yusif), zindanda bir neçə il də qaldı”. (Yusif surəsi, 42) ayəsinin xəbəri və sirri ilə Yusif əleyhissalam həbsxanaların piridir. Və həbsxana bir növ Mədrəsə-i Yusifiyə (Yusif mədrəsəsi) olar.
Bu sözlər həyatı boyunca Quran əxlaqını insanlara izah edən və sadəcə bu səbəblə bəzi kütlələrin düşmənçiliyini qazanaraq günahsız yerə 30 ilini sürgündə və həbsxanalarda keçirmiş olan, XX əsrin ən böyük İslam alimlərindən Bədiüzzaman Səid Nursiyə aiddir.
Bədiüzzamanın bu sözündə həbsxananı Mədrəsə-i Yusifiyə adlandırması və bu kitabın adının “Hz. Yusif mədrəsəsi” olmasının səbəbi isə belədir: İnsanları yalnız Allaha qulluq etməyə və gözəl əxlaqlı olmağa çağıran səmimi müsəlmanlar üçün heç bir cinayətləri olmadığı halda bəzən yaşamaq məcburiyyətində buraxıldıqları həbsxanalar mənəvi baxımdan çox gözəl bir təhsil və nəfsi tərbiyə yeridir. Digər bir sözlə, möminlər üçün həbsxanalar mədrəsə hökmündədirlər.
Bu mədrəsələrin Yusif adıyla anılmalarının səbəbi isə, -Quranda bildirildiyi üzrə- Allaha imanı və gözəl əxlaqı ilə tanınan hz. Yusifin günahsız yerə həbs edilmiş olmasıdır. Hz. Yusif özünün günahsız olduğuna dair dəlillərin açıq-aşkar ortada olmasına baxmayaraq, Allahın dinini izah edən bir insan olduğu üçün böhtana uğramış, sonra həbsə atılmış və illərlə həbsdə qalmışdır. Bu hadisələr əsnasında başına hər gələnin Allahdan bir xeyir olduğunu bilmiş, həbsdə belə təbliğ vəzifəsinə davam edərək digər məhkumlara Allahın varlığını və gözəl əxlaqı izah etmiş, həbs həyatı boyunca heç vaxt şikayət etməmişdir. Məhz onun bu rəftarı, özündən sonra gələn bütün möminlərə də gözəl bir nümunə olmuşdur.
Hz. Yusifdən başqa İmam-ı Əzəm, İmam-ı Əhməd İbn Hanbəl və yaxın tariximizdən Bədiüzzaman Səid Nursi, Süleyman Hilmi Tunaxan və Gönenli Mehmet Əfəndi kimi Quran əxlaqını izah etmək üçün apardıqları mübarizə ilə tanınan səmimi müsəlmanlar Allahı və dini inkar edən, möminlərin səmimiyyətlərini təqdir edə bilməyən kəslər tərəfindən haqsız yerə günahlandırılıblar.
Bu qiymətli kəslər müxtəlif böhtanlara məruz qalmış, saxta dəlillərlə əleyhlərinə hiylələr qurulmuş və bu böhtanlardan ötrü də həbslə cəzalandırılmışlar. Bu qiymətli İslam böyükləri də eynilə hz. Yusif kimi başlarına gələn sıxıntı və çətinliyi özləri üçün bir nemət bilmiş və axirətdəki qarşılığını düşünərək sevinmişlər. Həbs həyatındakı çətinliklərin özləri üçün mənəvi bir təhsil, bir növ inzivaya çəkilmə olduğunu düşünərək həbsdə deyil, Mədrəsə-i Yusifiyədə olduqlarını qəbul etmişlər.
Ömrünün böyük bir hissəsini Mədrəsə-i Yusifiyədə keçirdiyi üçün bu kitabda qiymətli təfəkkürlərindən bir çox sitat gətirdiyimiz Bədiüzzaman Səid Nursi, Dənizli həbsxanasında yazdığı Meyvə Risaləsində həbsxananı bir mədrəsə olaraq gördüyünü belə ifadə edir:
“... Əvvəllər az bir xəyanətə və zorakılığa dözə bimədiyim halda; sizi and içərək inandırıram ki, axirətə imanın nuru və qüvvəti mənə elə bir səbir və dözüm, təsəlli və mətanət, bəlkə mücahidanə, qazanclı bir imtahan dərsində daha böyük bir mükafatı qazanmaq üçün bir şövq verdi ki, mən bu risalənin əvvəlində dediyim kimi, özümü Mədrəsə-i Yusifiyə ünvanına layiq gözəl və xeyirli mədrəsədə bilirəm”.

Saleh möminlər Quran əxlaqını yaşamaq və insanlar arasında da yaymaq istədikləri üçün dini inkar edənləri daima qarşılarına almışlar. Bu kəslərin tarix boyunca iman edən insanları ruhdan salmaq üçün əl atdıqları üsullardan biri onları böhtanlarla, haqsız ittihamlarla, saxta dəlil və yalançı şahidlərlə, tələlərlə xalq və ədalət qarşısında günahkar vəziyyətə salmaq və bunların nəticəsində isə həbsə salınmalarına nail olmaqdır.

İnkar edənlərin bu istiqamətdəki təxribatları və yaratdıqları hiddət nəticəsində həbslə cəzalandırılan möminlər hadisələri səthi qiymətləndirən bir adam üçün bir  həbsxanadadır. Ancaq əslində eynilə inzivaya çəkilmiş bir zahid, illərlə mağaraya sığınaraq yaşayan Əshabı-Kəhf və ya günahsız olduğu halda illərlə həbsdə qalan hz. Yusif kimi özlərini mənəvi cəhətdən inkişaf etdirdikləri, Allaha daha çox yaxınlaşaraq elmdə dərinləşdikləri və bir çox istiqamətdən gücləndikləri bir “təhsil ocağın”dadırlar. Bu baxımdan baxıldıqda möminlərə zülm etmək, imanı xidmətlərinə mane olmaq istəyənlər onları həbsə ataraq əslində böyük bir xeyirə vəsilə olurlar.

© 2018 Design Studio 313 | Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.