Allahın elçilərində gözəl nümunələr vardir

Allah Quranda bir çox peyğəmbərin həyatındakı ən gözəl hekayələrdən xəbərlər verir. Allah Yusif surəsində bunu belə bildirir:
 

Biz bu Quranı sənə vəhy etməklə sənə ən gözəl hekayəti danışırıq. Halbuki, sən bundan əvvəl xəbərsiz olanlardan idin. (Yusif surəsi, 3)

 

Allah bir başqa ayəsində isə peyğəmbərlərin hekayələri üçün belə buyurur:
 

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

 

Allahın bu ayəsində də bildirdiyi kimi, Quranda peyğəmbər hekayələrindən bəhs edilməsinin səbəbi insanların peyğəmbərlərin həyatlarına baxaraq ibrət almalarıdır. Quranın mahiyyətini qavraya bilməyən bir çox insan peyğəmbərlərin həyatlarını bir əfsanə ya da nağıl kimi görüb müxtəlif əlavələr edərək bir-birlərinə çatdırarlar. Ancaq peyğəmbərlərin həyatlarını, gözəl əxlaqlarını özlərinə nümunə götürməyi, onlar kimi davranmağı, onların yolunu izləməyi düşünməzlər. Peyğəmbərləri səthi qiymətləndirdikləri üçün onların Quran əxlaqını bütün dünyaya izah etmək mövzusunda göstərdikləri səmimi səyi, bütün həyatlarını, gecələrini və gündüzlərini bu əxlaqın yayılması üçün sərf etmələrini, Allaha olan dərin iman və bağlılıqlarını nümunə almazlar. Halbuki, Quranda hekayələri izah edilən peyğəmbərlərin hamısının həyatlarının hər dövründə möminlər üçün çox gözəl nümunələr vardır.
Məsələn, hz. Məhəmməd (s.ə.v)-in qövmünün öndə gələn inkarçılarıyla, müşriklərlə və münafiqlərlə olan mübarizəsi, hz. İbrahimin bütləri özlərinə ilah qəbul edən qövmünə qarşı mübarizəsi və onları bu inanclarından uzaqlaşdırmaq üçün istifadə etdiyi üsullar, hz. Musanın həm qövmünə qarşı zorakılıq edən, insanlara çox böyük zülmlər edən Firona, həm də anlayışı zəif olan qövmünə qarşı cəsur və səbirli mübarizəsi, hz. Əyyubun özünə Allahdan bir sınaq olaraq verilən dərd və xəstəliyə qarşı səbri və Allaha olan təslimiyyəti, hz. Yusifin uşaqlığından etibarən davamlı özünə hiylələr qurulmasına baxmayaraq daim Allaha yönəlməsi möminlərin özlərini tərbiyə etmələri üçün bir nümunədir.
Saleh bir mömin gözəl əxlaqa dair hər şeyi Qurandakı hekayələrə baxaraq öyrənə bilər. Məsələn, Allaha iman edən, səmimi, dürüst, gözəl əxlaqlı bir insan olmasına və ətrafındakı insanları daima Quran əxlaqına dəvət etməsinə baxmayaraq, bəzi insanlar tərəfindən düşməncə bir rəftarla qarşılana bilər, böhtana uğraya bilər. Lakin gözəl əxlaqına və Allah yolunda göstərdiyi səmimi səyinə baxmayaraq niyə bu şəkildə haqsız bir rəftara məruz qaldığına heç bir zaman heyrətlənməz və ya bundan ötrü kədərlənməz. Çünki tarix boyu Quran əxlaqını yaşayan və insanları da bu üstün əxlaqa dəvət edən bütün səmimi insanların eyni rəftarlara məruz qaldıqlarını Qurandan öyrənmişdir. İman edənlərin Qurandan öyrəndiyi digər bir həqiqət isə, bu cür sıxıntı və çətinliklərlə qarşılaşan saleh möminlərin başlarına gələnlərə daim səbir etdikləri, bütün hadisələri təvəkkül və təslimiyyətlə qarşıladıqlarıdır.
Məsələn, hz. Məhəmməd (s.ə.v), müşriklər tərəfindən, yanındakı yoldaşıyla birlikdə Məkkədən çıxarılarkən bir mağaraya sığınmış və yoldaşına “... “Qəm yemə, Allah bizimlədir!” ...” (Tövbə surəsi, 40) deyərək təvəkkülünü və təslimiyyətini göstərmişdir. Bu səbəbdən eyni vəziyyətdə olan bir mömin də Peyğəmbərimiz (s.ə.v) kimi təvəkküllü davranmalı və Allahın özüylə birlikdə olduğunu unutmamalıdır.
Hz. Şueyb isə qövmünü Allaha iman etməyə çağırmış və onları Allahın əzabına qarşı xəbərdar etmişdir. Ancaq qövmünün “təkəbbürlü və söz anlamayan” öndə gələnləri hz. Şueybə onu və yanındakıları təhdid edərək cavab vermişlər. Quranda hz. Şueyb ilə qövmünün əyanları arasındakı bir danışıq belə xəbər verilir:

 

Onun qövmünün təkəbbürlü zadəganları dedilər: “Ey Şueyb! Ya biz hökmən səni də, səninlə birlikdə iman gətirənləri də yurdumuzdan çıxaracaq, ya da siz bizim dinimizə dönəcəksiniz”. Şueyb dedi: “Hətta nifrət etmiş olsaq belə?” Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz yenə də ona qayıtsaq, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməyincə bizim ona dönməyimiz olacaq bir şey deyildir. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Axı Sən hökm verənlərin ən yaxşısısan. (Əraf surəsi, 88-89)

Hz. Şüeybin qövmünün bu təhdidlərinə və təcavüzkarlığına baxmayaraq göstərdiyi qətiyyət möminlərin peyğəmbərlərdən öyrənməli olduqları digər bir mömin xüsusiyyətidir. Hz. Şüeybin qövmü isə, tarix boyunca Allahın dinini inkar edən bütün insanlarda görülən bir rəftar içindədir. Buna görə də bütün bunları Qurandan öyrənən bir mömin ətrafındakı inkarçıların təcavüzkar hərəkətlərindən, böhtanlarından və hədələrindən ötrü əsla heyrətlənməz, ən kiçik bir kədər hiss etməz.
Hz. İbrahim də inkarçılarla apardığı mübarizədəki qərarlı rəftarıyla Quranda nümunə olaraq göstərilmişdir. Hz. İbrahim qövmünün bütlərə ibadət etməsinə mane olmaq üçün onlara Allahın varlığını və birliyini izah etmiş, ibadət etdikləri bütlərin heç bir şeyə güc çatmayan, taxtadan oyulmuş varlıqlar olduqlarını göstərmişdir. Qövmünün hz. İbrahimə verdiyi cavab isə, onu oda atıb yandırmağa cəhd etmək olmuşdur:
 

Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (Saffat surəsi, 97-98)

Hz. İbrahimin bu hücumlara verdiyi cavab isə belədir:

 

O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”. (Saffat surəsi, 99)

 

Quranda bəhs olunan peyğəmbər hekayələrindən öyrəndiyimizə görə yaşadıqları cəmiyyətləri Allahın dininə və gözəl əxlaqa çağıran elçilər və saleh möminlər daim o cəmiyyətin dinə qarşı çıxan öndə gələnləri ilə qarşı-qarşıya gəlmişlər. Möminlərin insanları yaxşılığa və gözəlliyə çağırmalarına baxmayaraq, bu kütlə tarix boyunca möminlərə, xüsusilə də elçilərə düşmən olmuş, onları təsirsiz hala gətirməyə çalışmışdır. İnananların etdikləri xeyirlərə mane olmaq, Allahın dinini və gözəl əxlaqı izah etmələrinin qarşısını almaq üçün istifadə etdikləri üsullar isə əsrlərdir heç dəyişməmişdir. Bu mübarək insanlara “dəlilik”, “azğınlıq”, “mənfəətpərəstlik” kimi görülməyən iftiralarını ataraq, onları xalqın gözündə hörmətdən salmağa çalışmışlar, onları yurdlarından sürgün etməklə və ya ölümlə təhdid etmişlər, hiylə quraraq, təzyiq altına alaraq və ya həbsə ataraq işlərinə mane olmağa çalışmışlar. Bu dairələrin saleh möminlərə qarşı apardıqları bu haqsız mübarizədə istifadə etdikləri üsulları və müxtəlif böhtanları bildirən ayələrdən bəziləri belədir:

 

Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq! Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!” (Qamər surəsi, 24-25)

 

Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər: “Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik”. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər. (Nəml surəsi, 48-50)

 

Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!” – dedilər və ona hədə-qorxu gəldilər. (Qamər surəsi, 9)

 

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)

 

İnkar edənlər elçilərin və saleh möminlərin Allahın dinini izah etmələrinin və insanları axirət gününə qarşı xəbərdar etmələrinin qarşısını almaq üçünsə həbslə cəzalandırma üsulundan tez-tez istifadə etmişlər. Həbs etməkdə əsas məqsəd iman edənlərin digər insanlarla görüşmələrinə mane olmaq və bütün fəaliyyətlərinin qarşısını almaqdır. Bəhsi keçən inkarçı kütlələrin atdıqları böhtanlar və etdikləri təxribatlar nəticəsində saleh möminlər xalqa səhv tanıdılmış və bunun nəticəsində də hər hansı bir cinayətlərinin olmamasına baxmayaraq həbsə atılmışlar. Ancaq burada bir məqam xüsusilə vurğulanmalıdır: İnkarçıların öndə gələnləri möminlərə qarşı günahlandırma fəaliyyəti içinə girərlər, əllərindəki imkanları möminləri aradan qaldırmaq üçün istifadə edərlər və bu şəkildə möminləri digər insanlara səhv tanıdarlar. Həbs isə bu səhv tanıtmağın və ya bəhsi keçən kütlələrin iftiraları və intriqalarının nəticəsidir. Quranda heç bir günahı olmadığı halda böhtana uğrayaraq həbsə atıldığı və illərcə həbsdə qaldığı bildirilən peyğəmbər hz. Yusifdir. Hz. Musa isə Firon tərəfindən həbsə atılmaqla təhdid edilmişdir. Hz. Musa Firona Allahın varlığını izah etmiş və belə demişdir:

Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Şuəra surəsi, 28)

 

Fironun hz. Musaya verdiyi cavab isə belə olmuşdur:

Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!” (Şuəra surəsi, 29)

Diqqət yetirilsə, Fironun hz. Musanı həbsə atmaqla təhdid etməsinin səbəbi hz. Musanın Allaha iman etməsi və Fironun ilahlığını qəbul etməməsidir, yəni əslində ortada həbsə atılmaq üçün bir cinayət yoxdur.
Sonrakı səhifələrdə daha ətraflı şəkildə görəcəyimiz kimi, hz. Yusifin də həbsə atılmasına səbəb ola biləcək bir günahı yoxdur. Ona böhtan atılmışdır və hər kəsin hz. Yusifin günahsız olduğunu görməsinə baxmayaraq, onun həbs edilməsinə qərar verilmiş və bunun nəticəsində illərlə həbsdə qalmışdır. Bu səbəblə hz. Yusifdən sonra tarix boyunca inkar edənlərin böhtanlarına məruz qalan, onların haqsız hücumları nəticəsində həbsə atılan saleh möminlər buna görə qətiyyən kədərlənməmişdir. Hətta “Hz. Yusif mədrəsəsində” olmağın, orada bir çox istiqamətdən təlim keçərək “dərəcə” almağın sevincini və rahatlığını yaşamışlar.

Bu saytın mövzusu da inkar edənlərin təxribatları və böhtanları nəticəsində həbslə cəzalandırılan möminlər üçün həbsxananın əslində Allahın onları Rəbb sifətiylə öyrətdiyi təhsil yeri olduğudur. Hadisələrə səthi bir şəkildə baxan bir gözə görə, Allah yolunda olduqları üçün həbsə atılanlar cəza almış kimidirlər. Halbuki əslində onlar hz. Yusif Mədrəsəsində təhsil alır, mənəvi və elmi olaraq dərinləşirlər. Unudulmamalıdır ki, bu çətinliklər iman edənlərin cənnətdəki dərəcələrinin artmasına vəsilə olan gözəlliklərdəndir.

© 2018 Design Studio 313 | Bu sayt Adnan Oktarın əsərlərindən istifadə edilərək hazırlanmışdır.